Beynəlxalq əməkdaşlıq departamenti

Beynəlxalq əməkdaşlıq departamentində əcnəbi tələbələrlə iş istiqamətində də bir çox işlər görülür. UNEC-ə təhsil almağa gələn əcnəbi tələbələr Beynəlxalq əməkdaşlıq departamentində qeydiyyatdan keçirlər. Departament tərəfindən əcnəbi tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına lazım olan anket formaları doldurulur. UNEC-də keçirilən bütün tədbirlərdə (konfrans, simpozium, müsabiqələrdə) xarici tələbələrin yaxından iştirakı təmin olunur. Universiteti bitirən tələbələrə diplomlar verilir. Diplomlar verildikdən sonra Xarici İşlər Nazirliyində Universitet tərəfindən göndərilən məktuba əsasən təsdiq olunur.
Beynəlxalq əməkdaşlıq departamentinin fəaliyyəti çərçivəsində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Hazırda UNEC “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda TEMPUS layihəsinin koordinatoru və “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda başqa bir TEMPUS layihəsinin tərəfdaşıdır.
Beynəlxalq əməkdaşlıq departamentində aşağıdakı şöbələr fəaliyyət göstərir:
- Strateji inkişaf şöbəsi
- Xarici əlaqələr şöbəsi
- Layihələrin idarə olunması şöbəsi
Beynəlxalq əməkdaşlıq departamentinin səmərəli fəaliyyəti nəticəsində dünyanın bir çox nüfuzlu xarici universitetlərlə əməkdaşlıq müqavilələri imzalanır, beynəlxalq qrant layihələri hazırlanır, tələbə-müəlim mübadiləsi həyata keçirilir, beynəlxalq və respublikadaxili elmi-praktiki konfranslar təşkil olunur. Beynəlxalq əməkdaşlıq departamenti tərəfindən UNEC-ə gələn xarici qonaqlar yüksək səviyyədə qarşılanır, UNEC tələbə və müəllim heyəti ilə görüşlər, seminarlar və dəyirmi masalar təşkil olunur. UNEC üzv olduğu beynəlxalq ali təhsil müəssisələri assosiasiyaların fəaliyyətində aktiv iştirak edir.
Beynəlxalq əlaqələr şöbəsi (indiki Beynəlxalq əməkdaşlıq departamenti) 2000-ci ildən fəaliyyət göstərir. 2004-cü ilin noyabr ayından xarici ölkə universitetləri ilə ikitərəfli münasibətlərin qurulması və ümumiyyətlə beynəlxalq standartlara uyğunlaşmada aparılan işlərin səmərəli təşkilində müasir informasiya texnologiyalarının müstəsna rolunu nəzərə alaraq şöbə “Beynəlxalq əlaqələr və informasiya texnologiyaları” şöbəsi adlandırıldı. Şöbə tərəfindən Universitetin nüfuzunun artırılması, Avropa və dünya təhsil standartlarına uyğunlaşması istiqamətində mühüm işlər görülmüş, dünya standartlarına uyğun olaraq universitetin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, kommersiya təşkilatları, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlərlə əlaqələri genişlənmiş, yeni layihə və tədbirlər hazırlamış və görüşlər həyata keçirilmişdir.
Xarici universitet tələbələrinin UNEC-ə cəlb olunması, əməkdaşlıq haqqında müqavilələrin hazırlanması, xarici universitet kurslarının təşkil olunması, distant və “online” təhsil sisteminin tətbiq olunması, təhsilin müasir vasitə və metodları haqqında proqramların hazırlanması Beynəlxalq əməkdaşlıq departamentinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Departament çalışdığı sahə üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qurumları, nazirliklər, biznes strukturları, beynəlxalq təşkilatların xaricdə və Azərbaycanda yerləşən nümayəndəlikləri və xarici dövlətlərin səfirlikləri ilə, habelə xarici vətəndaşların pasport-viza qeydiyyatını təşkil etmək məqsədi ilə XİN və DİN ilə qarşılıqlı surətdə iş aparır.
Azərbaycan Respublikasının qanunverici və icraedici orqanlarının sənədləri əsasında beynəlxalq əlaqələrin həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, UNEC-in respublikanın beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət strukturları ilə qarşılıqlı əlaqələrini təmin etmək, UNEC-in struktur bölmələri və Beynəlxalq əməkdaşlıq departamentinin beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi layihələri və proqramları əlaqələndirmək, Universitetin beynəlxalq təşkilatlara və cəmiyyətlərə üzv qəbul olunması üçün təkliflər hazırlamaq Beynəlxalq əməkdaşlıq departamentinin iş prinsiplərini təşkil edir.
Departament tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq aləmdə tanıtmaq və nüfuzunu artırmaq istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2006-cı ildə Beynəlxalq Reytinq Texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) UNEC-in “Qızıl Fortuna” 21-ci əsrin keyfiyyət nişanı (stella) ilə təltif etmişdir. Bu mükafat Azərbaycan Dövlət İqtisad Universitetini Avropanın qabaqcıl universitetləri sırasına daxil etmişdir. İqtisad Universitetinin innovasiya strategiyası əsasında Boloniya Prosesinə fəal qoşulmuş, 2005-2008-ci illər ərzində Avropa Universitetlər Assosiasiyasına (EUA), Universitetlərin Beynəlxalq Assosiasiyasına (IAU), İslam Dünyasının Universitetləri Federasiyasına (FUIW), Avrasiya Universitetlər Assosiasiyasına (EAU), Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasına üzv qəbul olunmuşdur.
Gültac Tahirli - Strateji inkişaf şöbəsinin mütəxəssisi
İsa Rəcəbli - Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi
Lalə Abbasova - mütəxəssis
Rəsul Yusibov - mütəxəssis